Xocalı rayonunda mina partlayıb, bir nəfər xəsarət alıb

Şəklin mənbəyi, ANAMA
Sentyabrın 10-da Xocalı rayonunun Daşkənd kəndində mina partlayıb, bir ANAMA əməkdaşı xəsarət alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bildirib ki, 36 yaşlı kişi sol ayağından xəsarət alıb.
Agentliyin məlumatına görə, o, xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, Agentliyin məlumatında belə qeyd olunur.
Yerli media bu şəxsin əməliyyat olunacağının planlaşdırıldığını qeyd edib.
İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq 6 il keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb.
Prezident İlham Əliyev sentyabr ayında bildirib ki, 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb.
ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov sentyabr ayında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə müharibənin bitməsindən indiyədək təxminən 300 565 hektar minalardan təmizlənib və 2 61705 ədəd mina və digər partlayıcı sursat zərərsizləşdirilib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın əvvəlində bildirib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirkləndirilib və müharibənin başa çatmasından təxminən altı il keçməsinə baxmayaraq, minalarla çirklənmiş ərazilərin 75 faizi hələ də ölüm təhlükəsi yaradan minalarla doludur.
Əmirbəyov Azərbaycana minatəmizləmə sahəsində göstərilən beynəlxalq dəstəyin həcmini "çox aşağı" olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanda minatəmizləmənin maliyyələşdirilməsinin 95 faizi dövlət vəsaitləri hesabına həyata keçirilir, yalnız təxminən 5 faizi xarici mənbələrdən gəlir.

























